Ümumbəşəri barışa doğru

 

Dostluq, dialoq, sevgi dili olan türkcə 11-ci dəfə dünyanın beş qitəsinin təmsilçilərini bir araya gətirdi

  

   2003-cü ildən etibarən Beynəlxalq Türk Dili Dərnəyinin (TÜRKÇEDER) təşkilatçılığı ilə Türkiyədə dünyanın dörd bir yanından gələn məktəblilərin iştirakı ilə möhtəşəm mədəniyyət festivalı - Beynəlxalq Türk Dili Olimpiadası keçirilir.

  

   Dünyaya dostluq, dialoq mesajları yayan, müxtəlif dinlərin, mədəniyyətlərin təmsilçilərini bir araya gətirən bu layihə bir yandan türk dilinin, ümumtürk mədəni irsinin təbliğinə xidmət edirsə, digər yandan bugünkü Türkiyənin imkanlarını, beynəlxalq nüfuzunu təsdiqləyir. Çünki çağdaş dünyada öz mədəniyyəti, dili, ədəbiyyatı ilə ön sıralara çıxıb tanınmaq üçün bu irsin zənginliyi yetərli deyil. Bu gün məhz hərtərəfli imkanlı, dünya çapında nüfuzlu ölkələr belə iddialı layihələrə imza ata bilirlər. 100-dən çox ölkədə ingilis dilini, mədəni irsini yayanBritish Counsilun fəaliyyəti, ondan geri qalmayan beynəlxalq frankofoniya şəbəkəsini buna misal göstərmək olar.

   Türk dili və mədəniyyətini, bütövlükdə türk-islam mədəni mirasını yüksək elm, təhsil, texnologiya standartları ilə dünyaya yayacaq toxumlar da ötən əsrin 90-cı illərində səpilməyə başladı və indi bəhrəsini verməkdədir. Bu gün 140-dək ölkədə fəaliyyət göstərən türk məktəbləri dünyadakı ingilisya fransızdilli mədəniyyət şəbəkəsi ilə ayaqlaşa biləcək bir çevrə yaratmışdır. Dünyanın dörd bir yanında bayraq qaldıran, yüz minlərlə gənci türk dünyasına hörmət, rəğbət ruhunda yetişdirən bu məktəblər artıq müasir Türkiyənin mədəni brendinə çevrilib. Həqiqətən də mədəniyyətlə, elm və təhsillə dünyanı, könülləri fəth etmək mümkündür.

   Artıq 11-ci ildir ki, düzənlənən beynəlxalq türk dili olimpiadaları da bu mədəni fəthin parlaq timsalıdır. 2003-cü ildə 17 ölkəni əhatə etməklə başlayan mədəniyyət yolçuluğu bu il 140 ölkənin sərhədlərini aşıb. Məhz bu qədər ölkədən 2000-dək gənc türk dili, ədəbiyyatı, musiqisi, rəqsi, teatr sənəti - ümumilikdə 19 nominasiya üzrə bacarığını nümayiş etdirmək üçün qardaş ölkəyə gəlib. İyunun 1-də start verilən 11-ci Beynəlxalq Türk Dili Olimpiadası ayın 16-dək ölkənin 55 şəhərinin 99 səhnəsində davam edəcək. Hər il olduğu kimi, builki yarışmada da Azərbaycan komandası favoritlər sırasındadır. Milli seçimlərin finalçıları olan istedadlı şagirdlərimizin köksləri coşduran çıxışlarını birbaşa səhnədə izləmək bizə də nəsib oldu.

  

   Bütün dünya - bir sərgi: burada hamı türkcə danışırdı

  

   Builki olimpiadanın açılış festivalı mayın 24-26-da Türkiyənin üçüncü böyük şəhəri, Egey sahilinin incisi İzmirdə gerçəkləşdi. İzmirin geniş mədəniyyət parkı, buradakı beynəlxalq sərgi mərkəzi, nəhəng açıq hava teatrı (amfiteatr) bu üç gündə əsl bayram havası yaşadı, mədəniyyətlərin qaynayıb-qarışdığı məkana çevrildi. İzmir Sərgi Mərkəzi indiyədək belə qələbəlik yaşamamışdı. Mərasimdə iştirak etmək üçün Azərbaycandan təxminən 500 nəfərlik heyət, o cümlədən 60 nəfərlik media qrupuÇağ Öyrətim” şirkərtinin dəstəyi ilə İzmirə gəlmişdi. İzmirin 2020-ci ildə dünyanın ən böyük sərgisinə (EXPO) ev sahibliyi etmək iddiasını nəzərə alsaq, bu möhtəşəm üç günü qonaq-qara ilə coşub-daşan şəhər üçün mühüm bir hazırlıq testi hesab etmək olar. Üç gündə sərgi mərkəzini 1 milyondan çox insan ziyarət etmişdi.

   Adını belə çoxlarının eşitmədiyi uzaq Papua Qvineyadan Skandinaviya ölkələrinə, Amerikadan Yaponiyaya, Afrikadan Avstraliyaya, Meksikadan Mərkəzi Asiyayadək ən müxtəlif məmləkətlərin əlvan stendlərini, guşələrini seyr etdikcə özünü sanki bir dünya gəzintisinə çıxmış kimi hiss edirdin. Bayraqlar, milli atributlar, naxışlar, suvenirlərlə bəzədilmiş hər ölkə stendinin məxsusi özəlliyi vardı. Amma onların hamısını birləşdirən, milli geyimli, ağlı-qaralı, müxtəlif çöhrəli uşaq və gəncləri bu məkanda həmrəy edən bir şey vardı - burada hamı türkcə danışırdı. Afrikalı amerikalı ilə, asiyalı avropalı ilə türkcə anlaşırdı. Stendlərdə bizi türkcə “xoş gəldiniz” deyib qarşılayan yeniyetmələri dinlədikcə gerçəkdən bütün türk dünyası adına qürur dolu anlar yaşadıq. Banqladeşli gənc televiziya jurnalistinin afrikalı məktəblilərdən türkcə müsahibə alması unudulmaz mənzərə idi. Bu, türk dilinin, türk mədəniyyətinin dünyaya verdiyi dostluq, barış mesajı idi. Zatən builki olimpiadanın da şüarı bu idi: “Ümumbəşəri barışa doğru”.

   Sərgi mərkəzində ən böyük pavilyon isə, heç şübhəsiz, Azərbaycanın idi. Memarlıq nümunələrimizin, abidələrimizin maketləri ilə bəzədilmiş pavilyona daxil olanlar bir anlamda ölkəmizin tarixi məkanlarına, Bakının İçərişəhərinə qədəm basmış olurdular. Azərbaycan Dialoq və Qardaşlıq Dərnəyinin (ADKADER) üzvləri onlara mədəniyyətimiz, tariximiz haqqında məlumat verirdilər. Ziyarətçilər əsl Azərbaycan qonaqpərvərliyinin şahidi oldular. Təkcə bir faktı qeyd edək ki, sərgi günlərində stendimizin qonaqlarına 50 min Azərbaycan bayrağı, bayrağımızın əksi olan 50 min şar, 50 min Azərbaycan fotolu yelpik, 50 min ədəd qoz mürəbbəsi, 20 min dilim paxlava və 20 min ədəd şəkərbura paylanmışdı. Sonsuz ziyarətçi selində yüzlərlə insanın əlində bayrağımızı görmək həqiqətən də qürurverici idi. Lakin qəlbimizin qürurla coşacağı saatlar hələ qarşıda idi.

  

   27 ilin qardaşlığı və əsrlərin könül bağı

  

   Mayın 25-də “Kültürpark”dakı Atatürk adına açıq hava teatrında müxtəlif ölkələrdən gəlmiş uşaqların - türk liseylərinin yetirmələrinin rəngarəng konsert proqramı nümayiş olunurdu. Gürcüstan, Moldova, Danimarka və çıxışını seyr etdiyimiz digər ölkələrdən qrupların təqdim etdiyi türk mahnı və rəqsləri alqışlarla qarşılandı. Hər konsert türkcə olimpiadalarının məğzini ifadə edən, bu layihənin himni sayıla biləcək mahnı ilə bitirdi:Yeni bir dünya qurulur”.

   Axşam isə sənətsevərləri möhtəşəm Azərbaycan gecəsi gözləyirdi. Konsertdən öncə amfiteatrı doldurmuş bütün izləyicilərə Azərbaycan bayrağı paylandı. Bir anda nəhəng məkan üçrəngli bayrağımıza büründü. Məktəblilərimizin ifa etdikləri duyğulu mahnılar, muğam parçaları, söylədikləri şeirlər gecəyə rəng qatdı.

   Türk Dili Olimpiadasının Azərbaycan üzrə qalibi Səma Sultanovanın ifasında “Ya Rəbbim”, Səbuhi Abdullazadənin ifasında səslənən “Hüzn” mahnılarını, Türkan Məmmədovanın Mehmet Akif Ərsoyun ölməz poeziyasından səsləndirdiyi “Atiyi qaranlıq görərək əzmi bırakmakşeiri coşqu ilə qarşılandı. Somalidən Əhməd adlı tələbənin gözəl səslə ifa etdiyi “Əziz dostum” Azərbaycan mahnısı konsertin sürprizi oldu. “Azərbaycan qartalları” rəqs qrupu möhtəşəm ifası ilə iki dəfə səhnəyə çıxdı və yer-yer alqışlar qazandı.

   Gecədə çıxış edən “Çağ Öyrətim İşlətmələri” şirkətinin rəhbəri Ənvər Özərən və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova böyüməkdə olan nəslin dünyagörüşünün formalaşmasında, bilik səviyyəsinin artırılmasında olimpiadaların rolunu yüksək qiymətləndirdilər, dünyada barışa, dialoqa, mədəniyyətlərin təbliğinə xidmət edən bu layihənin önəmini qeyd etdilər.

   Bakı şəhəri 1986-cı ildə İzmirlə qardaşlaşıb. Lakin bu rəsmiyyətin ötəsində iki şəhərin, iki dövlətin tək millətinin Xəzərdən Egeyədək uzanan könül bağlarının əsrlərlə sürən tarixi var. Konsertdə uşaqlarımızın şövqlə ifa etdikləri “Sizə salam gətirmişik” mahnısı da Bakıdan İzmirə sevda mesajı oldu.

 

   Zaman” ötənləri yada saldı

  

   Üçgünlük səfər zamanı İzmiri doyunca gəzib-görə, Egeyin havasını ciyərlərimizə doyunca çəkə bilməsək də, İstanbulu gəzib-dolaşmaq imkanımız oldu. Səfər proqramının yaddaqalan görüşlərindən biri İstanbuldaZaman” qəzeti, “Today's Zaman”, "Cihan" xəbər agentliyi, “Aksiyon” dərgisi və digər media strukturlarının yer aldığı “Feza Qazeteçilik” holdinqində gerçəkləşdi. Burada bizə 1986-cı ildə əsası qoyulan, dünyanın 10 ölkəsində nəşr olunan, 30-dan çox ölkədə yayılan “Zaman” haqqında məlumat verildi. Bu günZaman” gündəlik 1 milyon 200 minlik tirajla Türkiyənin ən çox satılan qəzetidir. “Zamanda eşitdiklərimin çoxu mənə bəlli idi. Çünki jurnalist həyatımın 7 ili bu qəzetlə bağlı olub, “Zaman-Azərbaycan”da keçib. Təsadüf də elə gətirmişdi ki, “Zamana baş çəkdiyimiz gün - mayın 24-ü “Zaman-Azərbaycan” qəzetinin fəaliyyətə başlamasının (1991) 22-ci ildönümü idi və səfər yoldaşım - qəzetin veteranlarından olan Səməd Məlikzadə ilə ötənləri yada saldıq.

  

   Həm ziyarət, həm ticarət

  

   Şərqi Qərbə, Avropanı Asiyaya bağlayan İstanbulun tarixi məkanlarını 1-2 günə gəzib-dolaşmaq mümkünsüzdür. Bizçaparaq qrafiklə mümkün qədər çox yerə baş çəkməyə çalışdıq. Şəhərin ən yüksək yeri olan Çamlıca təpəsindən möhtəşəm boğaz mənzərəsini seyr etdik, sonra Sultan Mehmet Fatih körpüsündən İstanbulun Avropa hissəsinə keçdik. “Zaman-Azərbaycan”dan köhnə dostumuz Arif Keysanın bələdçiliyi ilə Topqapı sarayını gəzib-ayağımızın tozu ilə dünyanın ən möhtəşəm tikililərindən olan 1500 yaşlı Ayasofya məbədinə daxil olduq. Onu da deyim ki, ziyarətçilər üçün Ayasofyaya giriş bileti 25 lirədir, lakin media mənsubları buraya ödənişsiz daxil ola bilərlər. Bizjurnalist vəsiqəmizi təqdim edərək Ayasofyanın əsrarəngiz interyerini gəzdik, fotoobyektivin yaddaşına köçürdük. Ayasofyadan çıxıb məşhur Sultanəhməd camisini ziyarət etdik.

   Eminönüdən gəmi ilə boğaz gəzintisinə də çıxdıq, İstanbulun tarixlərə şahid divarlarını, Çırağan, Dolmabaxça saraylarını Mərmərənin sularından seyr etdik, məşhur Qız qülləsinin yanından keçdik. Hətta kiçik alış-veriş etməyə də vaxt tapdıq.

   Beləcə, Mustafa müəllimin lətifəsi olmasın, Ayasofyanı görmüş, alacağımızı almışdıq, daha Bakıya dönə bilərdik...

  

   Vüqar Orxan

 

Mədəniyyət.- 2013.- 7 iyun.- S. 9.